DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN BİRİNCİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞTƏNTƏNƏLİ MƏRASİM
Dövlət himninin səslənməsi ilə açılan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev məruzə ilə çıxış edərək, Azərbaycan sərhədlərinin etibarlı qorunmasının təkcə respublika hüdudunda deyil, regional və beynəlxalq miqyasda əhəmiyyəti olduğunu bildirdi. Prezident Fərmanının dövlət sərhədlərinin mühafizəsinə yeni baxışın təzahürü olduğunu deyən komandan beynəlxalq terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələlərinə dövlətimizin başçısının daim diqqət yetirdiyini vurğuladı. O dedi ki, Dövlət Sərhəd Xidmətinin yaranması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Sərhədçilər DSX-nin yaradılmasını bayram kimi qeyd etməklə yanaşı, həm də bu dövr ərzində xidməti fəaliyyətlərinə müəyyən dərəcədə yekun vururlar. Ötən bir il Azərbaycan sərhədçiləri üçün son dərəcə əlamətdar olmuş, Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsində önəmli nəticələr əldə olunmuşdur. Azərbaycan sərhədçilərinin beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizədə və dəniz sərhədlərinin mühafizəsində əldə etdiyi nailiyyətləri xatırladan natiq bundan sonra da ölkə sərhədlərinin qorunmasında bütün imkanlardan istifadə ediləcəyini bildirdi. O, DSX-nin NATO ilə qarşılıqlı münasibətlərin inkişafından, müxtəlif ölkələrin sərhəd xidməti qurumları ilə ikitərəfli əlaqələrdən də ətraflı söhbət açdı.
Mərasimdə xidməti fəaliyyətlərində fərqlənmiş bir qrup zabitə vaxtından əvvəl hərbi rütbələr verildi, gizir və əsgərlərə qiymətli hədiyyələr təqdim olundu.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul edildi.
Mərasim geniş konsert proqramı ilə başa çatmışdır.