MƏDƏNİYYƏT
Dövlət tərəfindən şagirdlərin yaxşı təhsil almaları və ölkəmizi yaxından tanımaları üçün böyük işlər görülür
Qəbələ, 26 avqust (AZƏRTAC, Şahnəzər Bəşirov). “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən bu maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzolunmaz bir tədbirdir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” layihəsinin əlaqələndiricisi “Vector” Turizm Şirkətinin icraçı direktoru Kənan Hənifəyev bildirib.
O, qeyd edib ki, şagirdlər üçün Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərdə olmaq məqsədilə təşkil edilən bu tədbir olduqca vacib və vaxtında reallaşdırılan bir işdir. Dövlət tərəfindən şagirdlərin yaxşı təhsil almaları və ölkəmizi yaxından tanımaları üçün böyük işlər görülür.
K.Hənifəyev deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün ilk dəfə uğurla reallaşdırılması hamının ürəyincədir. Tur-aksiyalar zamanı şagirdlərə vətənpərvərlik hislərinin aşılanması, eləcə də Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işinin aparılması, onların intellektual səviyyəsinin və dünya görüşünün artırılması istiqamətində də söhbətlərin aparılmasına böyük önəm verilir”.