SİYASƏT
Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətlərinin rəhbərləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətlərinin rəhbərlərinin Bakıda keçirilən 2012-ci il konfransının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.