DÜNYA
Dünyanın ən çox səyahət edən adamı
Bakı, 23 avqust (AZƏRTAC). Dünya ölkələrinin yarısını gəzən, ümumilikdə 24 milyon kilometr məsafə qət edən, “Konkord” təyyarələrində 718 dəfə uçan ingilis Fred Fin “dünyanın ən çox səyahət edən adamı” titulunu qoruyub saxlayır.
İngiltərə qəzetlərinin məlumatına görə, 70 yaşlı Fin 196 ölkədən 139-na səfər edib. O, ilk dəfə səyahətə Hempşir hava limanından Nyu-Yorka birbaşa uçuşla başlayıb.
F.Fin 52 ildir səyahət edir. Bu müddət ərzində o, 24 milyon kilometr yol qət edib ki, bu da Aya 31 dəfə gedib-gəlməyə kifayət edərdi. Yorulmaz səyyah təyyarə və qatarla etdiyi hər səfər barədə ayrıca ətraflı qeydlər aparır və öz dəftərini onu mənzilbaşına çatdıran bütün sürücü və ya pilotlara imzalatdırır.
Fin həm də istismardan çıxarılan “Konkord” sərnişin təyyarələri ilə ən çox səfər edən insan kimi rekordunu qoruyub saxlayır. O, səyahətlərinə davam etməkdə qərarlıdır və Ayı da ziyarət etməyi planlaşdırır. Fin “Pan American” şirkəti ilə Aya səyahət etmək üçün müqavilə imzalayıb. Ancaq bu şirkətin iflasa uğraması və ləğv edilməsindən sonra hələ də bu səfər üçün fürsətin yaranmasını gözləyir.