İQTİSADİYYAT
“E-hökumət” quruculuğuna görə Azərbaycan dünya ölkələri arasında 96-cı yerdədir
Bakı, 8 mart (AZƏRTAC). Azərbaycan elektron hökumətin quruculuğuna görə, 2012-ci ildə 193 ölkə arasında 96-ci yerdə qərarlaşmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu göstərici BMT-nin İqtisadi və Sosial İnkişaf Departamentinin “E-idarəçilik 2012” hesabatında açıqlanmışdır.
Hesabatda ictimai xidmətlərin təmin edilməsində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə üzrə dövlət orqanlarının hazırlığı və imkanları qiymətləndirilmişdir. Burada ölkələrin reytinqi 3 əsas komponentə əsaslanaraq sıralanmışdır. Buraya onlayn xidmətlərin miqyası və keyfiyyəti, İKT infrastrukturu və insan kapitalının inkişaf səviyyəsi daxildir.
“E-hökumət”in hazırlıq reytinqinə görə, 1-ci yeri Koreya Respublikası tutur. İlk beşliyi müvafiq olaraq Hollandiya, Böyük Britaniya, Danimarka və ABŞ tamamlayır. Keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstərici Estoniya (20 yer), Rusiya (27) və Litvadadır (29).