İQTİSADİYYAT
E. ŞEVARDNADZE: BAKI – TBİLİSİ – ƏRZRUM QAZ KƏMƏRİ DƏ AZƏRBAYCANIN GÜRCÜSTANA QARDAŞ QAYĞISININ PARLAQ TƏZAHÜRÜDÜR
Gürcüstan Prezidenti Eduard Şevardnadze yerli və xarici jurnalistlərlə hər bazar ertəsi keçirdiyi görüşündə onlara ölkədəki ictimai-siyasi və iqtisadi vəziyyət barədə məlumat verərək, Bakıya səfərinin təxirə salınmasının səbəblərini bir daha açıqlamış və Bakı-Tbilisi-Ərzrum qaz kəməri layihəsindən danışmışdır.
Bakı-Supsa neft kəməri kimi, bu kəmərin də ölkəsi üçün taleyüklü əhəmiyyət daşıdığını xüsusi vurğulayan E.Şevardnadze demişdir ki, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstana ildə 65 milyon dollar gəlir gətirəcəksə, 245 kilometri Gürcüstan ərazisindən keçəcək və hər il 30 milyard kubmetr qaz vurulacaq Bakı-Tbilisi-Ərzrum qaz kəməri ildə onun ölkəsinə 92 milyon dollar məbləğində fayda verəcəkdir.
Cənab Şevardnadze Xəzər neftinin dünya bazarlarına ixracı üçün iki neft kəməri ilə yanaşı, Bakı-Ərzrum qaz xəttinin də məhz Gürcüstandan keçməsi haqqında qərarı onun ölkəsinə Azərbaycan Prezidenti Heydər Əliyevin daha bir qardaş qayğısının parlaq təzahürü adlandırmış və bu layihənin də uğurla gerçəkləşdiriləcəyinə dərin inam bəslədiyini bildirmişdir.
Prezident Şevardnadze bu yaxınlarda Bakıya səfərinin baş tutmaması ilə əlaqədar bəzi müxalifət qəzetlərinin yaydıqları şayiələrin əsassız olduğunu nəzərə çarpdıraraq demişdir ki, bu səfər mütləq, özü də elə bu ay həyata keçiriləcəkdir.
Axırda E. Şevardnadze jurnalistlərin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri barədə suallarına cavab vermişdir.
ŞAHİSMAYIL MƏMMƏDOV
AZƏRTAC-ın xüsusi müxbiri
TBİLİSİ