CƏMİYYƏT
Ebola qızdırması hava nəqliyyatı vasitəsilə yayılır və dünyanın bir çox ölkələri üçün təhlükə yaradır
Bakı, 4 avqust (AZƏRTAC). Ebola qızdırması hava nəqliyyatı vasitəsilə yayılır və dünyanın bir çox ölkələri üçün təhlükə yaradır. Bu alov bizim onu nəzarətə götürməyə olan cəhdlərimizdən daha sürətlə yayılır. Vəziyyət pisləşməkdə davam edərsə nəticələr faciəli ola bilər.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) rəsmi saytına istinadla xəbər verir ki, bunu DST-nin baş direktoru Marqaret Çen Qvineyanın paytaxtı Konakridə Qvineya, Liberiya və Syerra-Leon prezidentləri qarşısında çıxış edərkən deyib.
Qeyd olunub ki, xəstəliyin hazırkı görünməmiş yayılması Ebola virusunun bütün ştamlarından ən təhlükəlisi, daha öldürücüsüdür. Virus yalnız yeni ölümlərlə deyil, həm də ciddi sosial-iqtisadi fəlakətlərlə, eləcə də başqa ölkələrə yayılmaq təhlükəsi ilə təhdid edir.
DST-nin baş direktoru deyib: “Xəstəlik hava nəqliyyatı vasitəsi ilə yayıla bilmək qabiliyyətini nümayiş etdirmişdir ki, biz əvvəlki epidemiyalar zamanı bunu qeydə almamışıq. Bununla əlaqədar öldürücü virusun nəinki sərhədyanı ölkələrə yayılmaq, eləcə qızdırma ocağından uzaqda olan dövlətlərə də keçmək təhlükəsi vardır. Bundan başqa, epidemiya alovu çoxlu sayda həkimlərə, tibb bacılarına və digər tibb işçilərinə də təsir edir - artıq 60-dan çox tibb işçisi Ebola qızdırmasına yoluxmuş xəstələri xilas edərkən həlak olub. Bəzi beynəlxalq əməkdaşlar virusa yoluxublar. Bu, infeksiyanın qarşısını almaq imkanlarımızı əhəmiyyətli dərəcədə sarsıdır. Virus özlüyündə hava-damcı yolu ilə ötürülmür. Yoluxma xəstəliyə tutulan insanın orqanizmindəki mayelərlə sıx əlaqədə olan zaman, o cümlədən xəstənin ölümündən sonra baş verir. Lakin daha ciddi təhlükə ondan ibarətdir ki, uzun müddət insanlar arasında dövr edərkən Ebola virusu dəyişikliyə məruz qalır və uyğunlaşır (bu, bütün virusların yaşamasının ümumi mexanizmidir). Nəticədə ölüm təhlükəsi olan ştam bizə yeni xoşagəlməz sürprizlər edə bilər, buna görə də beynəlxalq birliyin bu alovun qarşısını almaq üçün ölçü götürməsi lazımdır”.
Onu da qeyd etmək lazımdır ki, DST-nin son məlumatlarına görə, Ebola qızdırması virusundan 729 nəfər ölüb, 1323-ü isə virusa yoluxub.
Avqustun 1-də elan edilib ki, Dünya Səhiyyə Təşkilatı Ebola qızdırması alovu ilə mübarizə üzrə yeni irimiqyaslı proqrama başlayır. Proqramın icrasına 100 milyon dollar ayrılacaqdır. Bundan başqa, avqustun 6-da beynəlxalq təhlükənin və Qərbi Afrikada xəstəlik yayılmasının nəticələrinin qiymətləndirilməsi məqsədi ilə DST Fövqəladə Komitəsinin iclası keçiriləcəkdir.