DÜNYA
Əddis-Əbəbədə Afrika sammitinə hazırlıq məsələləri müzakirə olunub
![Əddis-Əbəbədə Afrika sammitinə hazırlıq məsələləri müzakirə olunub](/files/2020/1/1200x630/15796098474462019657_1200x630.jpg)
Bakı, 21 yanvar, AZƏRTAC
Əddis-Əbəbədə keçirilən Afrika İttifaqının Daimi Nümayəndələr Komitəsinin 39-cu sessiyasında Afrika ölkələri dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunub.
AZƏRTAC Afrika İttifaqının saytına istinadla xəbər verir ki, təşkilata sədrlik edən Misirin daimi nümayəndəsi Osama Abdel Xalekin sədrlik etdiyi iclasda ötən il əldə olunmuş nailiyyətlər və yeni ildə nəzərdə tutulan layihələr ətrafında müzakirələr aparılıb. Üzv ölkələrin nümayəndələri Afrikada azad ticarət zonasının yaradılması, Rekonstruksiya və İnkişaf Mərkəzinin fəaliyyətinin gücləndirilməsi, institusional islahatların aparılması, münaqişələrin nizama salınması üzrə təkliflərin ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, ötən il Afrika İttifaqı çərçivəsində 50 rəsmi görüş keçirilib, mövcud problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilib.
Afrika İttifaqının sədr müavini Kvesi Quartey Misirin sədrliyi dövründə qazanılmış uğurları xüsusi qeyd edib və fevralın 6-7-də keçiriləcək Nazirlər Şurasının iclasının, habelə həmin ayın 9-10-da təşkil ediləcək dövlət başçıları sammitinin gündəliklərini təqdim edib.