ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin Aran regional filialında elmi-ədəbi tədbir: Şuşa, sən azadsan!
![](/files/galleryphoto/2022/3/1200x630/1665561565452010008_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665561565563247682_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında “Şuşa, sən azadsan!” adlı elmi-ədəbi tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “Şuşa İli” çərçivəsində təşkil olunan tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri muzeyin Aran regional filialının müdiri yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın 30 ilə yaxın müddətdə düşmən tapdağından azad edilməsinin tarixi Qələbəmizin simvolu olduğunu bildirib.
M.Ə.Rəsulzadə adına Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin tarix müəllimi Ülviyyə Şükürova “Şuşa işğaldan öncə, işğal dövrü və bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, Şuşa şəhərinin tarixindən, şəhəri qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa etdirən Pənahəli xan və İbrahimxəlil xanın fəaliyyətindən, XVIII- XIX əsrlərə aid olan abidə və tikililərindən bəhs edib.
“Şuşanı mədəniyyətimizin beşiyi edən şəxsiyyətlər” mövzusunda məruzə ilə çıxış edən Yaqut Bahadurqızı bildirib ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Məruzəçi mədəniyyətimizin inkişafına böyük töhfələr verən Xurşidbanu Natəvan, Gövhər Ağa, Cəfərqulu xan, Uğurlubəy, Fərzəlibəy, Nəcəfqulu ağa, Hacı qulu, Səfibəy kimi tanınmış şəxsiyyətlərin bu bölgənin və şəhərin mədəniyyətinin inkişafı üçün böyük işlər gördüyünü qeyd edib. Yaqut Bahadurqızı XIX əsrdə Şuşada yaşamış 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 rəssam, 12 katib, 5 astronom, 18 memar, 16 həkim, 42-dək müəllim və başqa şəxsiyyətlərin şəhərin mədəni inkişafında mühüm rol oynadığını vurğulayıb.
Şəhid anası Simuzər Bağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Əlisəfa Azayev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək mədəniyyət və incəsənətimizin beşiyi olan Şuşanın işğaldan azad olmasını Azərbaycan tarixinin şanlı səhifəsi olmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizi Zəfərə qovuşduran şəhid oğullarımızın, qazilərimizin, rəşadətli Ordumuzun göstərdiyi hünərdən bəhs ediblər.
Tədbirdə məktəblilər Şuşaya həsr olunmuş şeirlər söyləyib, Xan Şuşinskinin ifasında “Qarabağ şikəstəsi”nin lent yazısı səsləndirilib və “Şuşa - mədəniyyət paytaxtı” adlı sənədli film nümayiş olunub.