CƏMİYYƏT
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcəkdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əlavələrin və dəyişikliklərin edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Komitə sədri Hadı Rəcəbli təklif edilən dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır.
Təklifə əsasən, pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Pasiyentə zərər vura biləcək məlumatların ona verilməsi qadağan olunacaqdır.
Müzakirələr zamanı deputatlar layihə ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər. Sonda layihə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.