CƏMİYYƏT
Əhməd İsmayılov: Media nümayəndələri jurnalist vəsiqəsi ilə dövlətin həyata keçirdiyi layihələrdən və güzəştlərdən istifadə edə biləcəklər
Bakı, 12 oktyabr, Elmir Saftərov, AZƏRTAC
“Media haqqında” Qanunun müvafiq müddəalarına nəzər salsaq görərik ki, həmin müddəalara əsasən Agentlik tərəfindən veriləcək vəsiqələr, əslində, jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sənəd deyil. Bu, sadəcə olaraq, jurnalistlərin Media Reyestrində qeydiyyata düşdüklərini təsdiq edən sənəddir. Bu sənəd heç də media subyektlərinin öz əməkdaşlarına verdiyi sənədi əvəzləmir, onlar o sənədləri verməkdə sərbəstdirlər və bizim verdiyimiz vəsiqə ilə yanaşı, həmin redaksiya tərəfindən özlərinin istəklərinə uyğun olaraq verdikləri sənədləri daşımaqda və təqdim etməkdə sərbəst olacaqlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov söyləyib.
İcraçı direktor bildirib ki, jurnalist vəsiqəsinin verilməsinin üstünlüyü həmin sənədi təqdim edən şəxsin artıq Azərbaycanın Media Reyestrində olduğunu təsdiqləməsindən ibarətdir. Jurnalistlər həmin vəsiqələrin üzərində olan xüsusi barkodlardan istifadə edərək agentliyin elektron sistemində yerləşdirilən məlumatları avtomatik təqdim etmiş olacaq. Bununla da jurnalistlər dövlətin həyata keçirdiyi layihələrdən və güzəştlərdən rahat və sərbəst şəkildə istifadə edə biləcəklər.