EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİR
AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qazaxıstan hökumətinin təşəbbüsü ilə Astanada keçirilən “Avrasiya kontinentinin sabit inkişafı” I Beynəlxalq forumda iştirak edir. Forumdan məqsəd bütün kontinent ölkələrinin XXI əsrin aktual çağırışları ilə bağlı ümumi mövqeyini hazırlamaqdır.
Qazaxıstanın ətraf mühiti mühafizə naziri Nurlan İskakov bildirmişdir ki, Qazaxıstan 2010-cu ildə Asiya-Sakit okean regionu ölkələrinin sabit inkişaf məsələlərinə dair nazirlik səviyyəsində növbəti konfransının, 2011-ci ildə isə Avropa regionu ölkələrinin müvafiq konfransının iştirakçılarını qəbul edəcəkdir.
Qazaxıstan naziri demişdir: ”Bu konfranslarda Avropa və Asiyanın sabit inkişafa keçidinin vahid Avrasiya prosesində birləşdirilməsi, habelə iqamətgahı Astanada olmaqla, BMT-nin Beynəlxalq Sabit İnkişaf Təsisatının yaradılması haqqında təşəbbüslərin irəli sürülməsi planlaşdırılır”. Onun sözlərinə görə, bu təşəbbüslərin hazırlanması forumun əsas vəzifəsidir. Nazir onu da bildirmişdir ki, Astanada Avrasiya Su Mərkəzi yaradılır.
Forumda torpaqların korlanmasının qarşısının alınmasının və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin edən torpaqdan davamlı istifadə sisteminin tətbiqi, qeyri-ənənəvi enerji mənbələrindən istifadə, strateji resurs və sabit inkişaf amili olan su problemi məsələləri müzakirə olunacaqdır. Ekoloji baxımdan təmiz müasir texnologiyalar və bərpa olunan enerji mənbələrinin, habelə ekoloji mövzuda ədəbiyyat sərgisinin təşkili, ekoloji təmiz malların və xidmətlərin, uğurlu ekoloji layihələrin nümayiş etdirilməsi, torpaqdan davamlı istifadəyə dair layihənin həyata keçirildiyi əraziyə - Qaraqanda vilayətinin Şet rayonuna səfərin təşkil edilməsi də nəzərdə tutulur.