ELM VƏ TƏHSİL
Ekspres-informasiya bibliometriyanın müasir vəziyyətinə həsr olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Bibliometriya: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya nəşr olunub.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, elmi redaktoru isə şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış yeni nəşrdə bibliometriyanın meydana gəlməsi, mahiyyəti, elmi-nəzəri əsasları, problemləri və inkişaf perspektivləri araşdırılıb. Elmi tədqiqatın ölçülməsi üsulları, mövcud indikatorlar, elmin xəritələndirilməsi texnologiyaları təsvir olunub. Bibliometriyanın müxtəlif sahələrdə tətbiqinin perspektivləri, bibliometrik indikatorlardan sui-istifadə nəticəsində elmi etikanın pozulması və bu halların qarşısının alınması yolları izah olunub.