ELM VƏ TƏHSİL
Elektron elm alimlərin birgə səmərəli fəaliyyətini təmin edir
Bakı, 16 oktyabr, AZƏRTAC
Elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyini yüksəltmək və vahid onlayn elmi infrastrukturun formalaşdırılması məqsədini daşıyır. Nəticədə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında bu elm müəssisəsinin şöbə müdiri Təhmasib Fətəliyev “Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edərkən bildirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məruzəçi elektron elmin formalaşdırılması və inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyindən söz açıb. ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya və digər ölkələrdə bu istiqamətdə bir sıra infrastruktur və qrid layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
T.Fətəliyev hazırda elektron elmin inkişaf etdirilməsinin prioritet məsələ olduğunu deyən şöbə müdiri son illər ölkədə bu istiqamətdə sistemli fəaliyyətin aparıldığını bildirib.
Məruzəçi respublikanın elmi qurumlarının AzScienceNet elm kompyuter şəbəkəsi ilə tam əhatə edilməsinin nəzərdə tutulduğunu, onlayn mühit əsasında yeni elmi münasibətlərin yaradılması istiqamətində bir sıra işlərin görüldüyünü söyləyib. O, həmçinin elektron elmin şəbəkə platforması olan AzScienceNet-in fəaliyyəti, elektron elmin inkişafının yeni mərhələsi olan vətəndaş elmi, qrid texnologiyaları, elmi sahələrin informasiyalaşdırılması haqqında məlumat verib.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.