“Elektron kənd təsərrüfatı” informasiya sistemi aqrar sahənin kompleks inkişafına xidmət edəcək VİDEO
Gəncə, 13 aprel, Rauf Hacıyev, AZƏRTAC
Ölkədə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) potensial imkanlarından istifadə ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun, elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədovun iştirakı ilə keçirilən tədbirdə universitetin müvafiq sahə üzrə müəllimləri, bakalavr və magistrant tələbələri, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktorları iştirak ediblər.
Tədbiri açan ADAU-nun rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi işləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yer quruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları” ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması ali təhsil ocağında bu sahədə böyük imkanların olduğunu deməyə əsas verir. Xüsusilə “yer quruluşu, torpaq və şəhər kadastrı” və “informasiya texnologiyaları” kafedralarının müasir avadanlıqlarla və proqramlarla təminatı, elmi-pedaqoji kadrların mövcudluğu, beynəlxalq səviyyəli layihələrin icrası qeyd olunan sahə üzrə kifayət qədər təcrübənin formalaşmasına səbəb olub.
“Bütün bu imkanlardan istifadə etməklə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin komponentlərinin uğurla icrasına dəstək vermək universitetin qarşısında duran ən mühüm vəzifələrdən biridir”, - deyə rektor qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən son üç ildə Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması layihəsi həyata keçirilir. Bu vaxta qədər layihə üzrə müvafiq tədbirlərin reallaşdırıldığını deyən nazirlik rəsmisi məlumat verib ki, layihəyə əsasən 6 komponent üzrə işlər paralel aparılıb, funksional xidmətlərə dəstək göstərən informasiya sistemi yaradılıb. Əsas komponentlərdən biri olan müvafiq informasiya sisteminin yaradılması layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17 layihə tətbiq edilib.
Vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət edəcək subsidiya siyasətinə dair informasiya sistemi həm özlüyündə böyük bir sistemdir, həm də bu sistem on minlərlə istifadəçiyə xidmət göstərəcək. Sistemin özünün 7-dən çox modulu və bir sıra alt modulları var. Buradakı əsas modul fermerlərin reyestri, torpaq sahələrinin sertifikasiyası, torpaq subsidiyalarına nəzarət, ərizələrin qeydiyyatı və sair funksional məqsədlər üçün yaradılıb.
İlham Bayramov çıxışında “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması prioritetləri, komponentləri, Bakıda və respublikanın bütün rayonlarında inşa edilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş inzibati-laboratoriya binaları, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilmiş informasiya texnologiyaları infrastrukturu haqqında məlumat verib. Həmçinin “İnteqrasiya olunmuş nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan “Subsidiya və siyasətə dair informasiya sistemi”, aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrinin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan İKT infrastrukturu üzrə texniki tələblər və digər məsələlər barədə danışıb.
Sonra elektron kənd təsərrüfatı sisteminin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əlaqə imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssislərin, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.