CƏMİYYƏT
Elektron ticarət portalının xidmətlərindən 10 min istifadəçi yararlanıb
Bakı, 31 iyul (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış Azərbaycanın ilk elektron ticarət portalının (www.b2b.az) xidmətlərindən bu ilin altı ayı ərzində 10 min istifadəçi yararlanıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə, portalın xidmətlərindən indiyədək 36 mindən çox şəxs istifadə edib. Portala müraciət edənlərin 1800-dən çoxu Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Almaniya, Böyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olan istifadəçilərdir.
Məlumatda bildirilir ki, Almaniyanın GİZ təşkilatının dəstəyi ilə yaradılan portal “business to business” modeli əsasında qurulub. Məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrinin qurulmasına dəstək göstərməkdir. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı doldurmaq kifayətdir. Portaldan istifadə pulsuzdur.
Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Portalda 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) müxtəlif təhlil və informasiya xarakterli materiallar yerləşdirilir.