SİYASƏT
Əli Həsənov: Qanunla təsbit olunmuş davranış normalarına əməl etmək hamının borcudur
Bakı, 22 may (AZƏRTAC). İstər məmur, istər jurnalist, istər qeyri-hökumət təşkilatının nümayəndəsi, istərsə də adi vətəndaş olsun, qanunlara əməl etmək hamının borcudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında demişdir.
Əli Həsənov bildirmişdir ki, biz məmurları da həmişə media, qeyri-hökumət təşkilatları ilə əlaqələrdə mütləq şəkildə bu normalara əməl etməyə çağırırıq. Eyni zamanda, jurnalistlər də bu normalara əməl etməyə borcludurlar.
Prezident Administrasiyasının şöbə müdiri demişdir: “Əlbəttə, jurnalistlər sözlə işləyirlər. Onların fəaliyyəti daha qabarıq şəkildə özünü göstərdiyinə görə, elə təsəvvür yaranır ki, bu iradlar yalnız jurnalistlərə tutulur. Əslində belə deyildir. Azərbaycan cəmiyyətində hər bir strukturun, hər bir qurumun, hər bir şəxsin özünün məsuliyyəti və öhdəliyi vardır. Buna hamı əməl etməlidir”.
Beynəlxalq qurumların da, yerli qeyri-hökumət təşkilatlarının da müxtəlif fərqli istiqamətlər üzrə fəaliyyət göstərdiklərini vurğulayan Əli Həsənov demişdir: “Azərbaycanda bu gün mövcud olan 3500-dək qeyri-hökumət təşkilatından əgər bir neçəsi bu fəaliyyəti təqdir etmirsə və onun əleyhinə çıxırsa, o cümlədən adlarını insan hüquqlarının müdafiəçisi qoyan bəzi xarici qurumlar bizim qəbul etdiyimiz və milli iradəyə söykənən bu prinsiplərə etirazla yanaşırlarsa, bu da təbii haldır. Çünki müasir demokratik idarəçilik, demokratik cəmiyyət quruculuğu dövründə bəzən problemə yanaşmalar da, bu və ya digər idarəçilik normaları da fərqli olur. Əsas odur ki, beynəlxalq ictimaiyyət qarşısında götürdüyümüz öhdəlik - söz, fikir, məlumat azadlığının təmin olunması məhdudlaşdırılmasın, jurnalistlərin peşəkarlığı, məsuliyyəti artırılsın, Azərbaycan cəmiyyəti bunun əzabını, əziyyətini çəkməsin. Əlbəttə, bizim tərəfdarlarımız, həmfikirlərimiz olduğu kimi, opponentlərimiz də vardır. Bu da təbii haldır”.