CƏMİYYƏT
“Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib
Bakı, 26 iyul (AZƏRTAC). “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi Ramazan bayramı ilə əlaqədar iyulun 25-də Saray qəsəbəsində yerləşən 7 nömrəli xüsusi internat məktəbində “Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, iki hissəli tədbirdə əvvəlcə “Sağlamlığı məhdud uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda “dəyirmi masa” təşkil olunub.
“Dəyirmi masa”da Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə uşaq hüquqları sahəsində görülən işlərdən, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün yaradılmış şəraitdən danışılıb. Həmçinin respublikamızda bu istiqamətdə dövlət siyasəti və tərbiyəçi-uşaq münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci hissəsində əlilliyi olan uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı təşkil edilib, bayram sovqatı paylanıb.