SİYASƏT
Elman Nəsirov: Paşinyanın babasının faşistlərə xidmət etməsi faktı onun işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur
Bakı, 12 may, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın babasının bir vaxtlar dünyaya hökmranlıq etmək istəyən faşistlərə xidmət etməsi faktı onun işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur. Demək ki, bu, gendən gələn bir şeydir.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.
Deputat faşizm üzərində Qələbənin 75 illiyinin qeyd olunduğu bir vaxtda bu məsələnin üzə çıxmasını ilahi ədalət kimi dəyərləndirib. Bildirib ki, təcavüzkar, işğalçı ölkənin baş naziri və onun əlaltıları nə qədər maskalansalar da, onların iç üzləri bir gün açılmalıydı.
Elman Nəsirov deyib: “Azərbaycan torpaqlarını işğal edən və 1 milyon insanı öz dədə-baba yurdundan didərgin salan, minlərlə insanı qətlə yetirən bir ölkənin rəhbərinin faşist ideologiyasına xidmət etməsi heç də təəccüb doğurmur. Onlar da faşistlər kimi dünyaya hökmranlıq etmək xülyası ilə yaşayırlar. Nasizmi təbliğ edən Adolf Hitlerin arzuları suya düşdüyü kimi, Paşinyan və onun hakimiyyətinin də niyyətləri puç olacaq. Haqq-ədalət yerini tutacaq. Paşinyan Qələbə günü babasının fotoşəkilini fəxrlə sosial şəbəkədə paylaşanda acı nəticəsini bilsəydi, əlbəttə, bunu etməzdi”.
Deputat bildirib ki, işğalçı ölkənin baş naziri sosial şəbəkədə etdiyi “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun” paylaşımından sonra Ermənistan KİV-ləri Böyük Vətən müharibəsi zamanı həlak olmuş və ya itkin düşmüş şəxslər haqqında məlumatların göstərildiyi Obd-memorial.ru saytında araşdırma aparıblar. Paşinyanın təqdim etdiyi şəxs haqqında axtarışlar onu deməyə əsas verib ki, Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyan Böyük Vətən müharibəsi zamanı faşistlərlə birbaşa əlaqədə olaraq SS sıralarında xidmət edib.
“İndi Paşinyan baş sındırır ki, bu biabırçılığı necə ört-basdır etsin. Amma tarixi faktları təhrif etmək, gizlətmək o qədər də asan deyil. Etdiklərinin cavabını bir gün vermək lazım gəlir”, - deyə Elman Nəsirov bildirib.