SİYASƏT
Elman Nəsirov: Son 20 il ərzində Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox böyük inkişaf yolu keçib
Bakı, 6 aprel, AZƏRTAC
Türkiyə Respublikası son 20 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Türkiyə öz iqtisadi gücünə “Böyük İyirmilik”də yer alır, iqtisadi potensialı baxımından Avropada ilk onluqdadır. Türkiyə hərbi güc nöqteyi-nəzərindən NATO çərçivəsində ikinci ölkədir. Türkiyənin hərbi sənaye kompleksi son zamanlar çox yüksək templə inkişaf edib. Bu, eyni zamanda, özünü yüksək texnologiyalar sahəsində büruzə verməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, məsələyə bu xüsusda yanaşdıqda 2022-ci il oktyabrın 29-da Türkiyənin mobilik sahəsində xidmət göstərən qlobal texnologiyalar markası olan “Togg” istehsal müəssisəsinin işə salınması, sözün həqiqi mənasında, tarixi hadisədir. Bu hadisə bir daha onu göstərir ki, Türkiyə qabaqcıl texnologiyalar sahəsində də inkişaf etmiş dövlətlər sırasında özünəməxsus mövqe əldə etməkdədir.
E.Nəsirov bildirib ki, 2020-ci ildə təməli qoyulan “Togg” zavodunun inşası iki il ərzində yekunlaşıb. Beləliklə, Türkiyə il ərzində 175 min avtomobilin istehsalını nəzərdə tutur. 2030-cu ilə qədər isə həcmin bir milyona çatdırılması planlaşdırılır. Bu, olduqca böyük nəticədir, Türkiyənin iqtisadi inkişafının göstəricisidir. “Aprelin 4-də “Togg” elektromobilinin ikinci nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin sənaye və texnologiyalar nazirini qəbul edərkən Prezident İlham Əliyev bu hadisəni çox yüksək qiymətləndirib. Bir daha vurğulayıb ki, bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında böyük bir inkişaf yolu keçməkdədir. Yüksək texnologiyalar əsasında belə bir müəssisənin işə salınması Türkiyənin gücünün, potensialının ifadəsidir”, - deyə deputat vurğulayıb.
Bu uğuru Türkiyənin mülki sənaye sahəsində sürətli inkişafını təsdiqləyən hadisə kimi qiymətləndirən E.Nəsirov qeyd edib: “Togg”un kütləvi istehsalına başlanması bir daha onu göstərir ki, qardaş Türkiyə təkcə bugünkü müasir beynəlxalq münasibətlər sistemində həlledici dövlətlərdən biri deyil, eyni zamanda, müasir dünyamızın texnoloji inkişafının mühüm göstəricisi sayılan sahələrdə də öz sözünü deməkdədir. “Togg” kimi qlobal texnologiya markasının istehsalı qardaş ölkənin potensialının, yüksək texnologiyalar sahəsində qazandığı uğurların ifadəsi kimi mühüm əhəmiyyət daşıyır”.