REGİONLAR
Elmar Allahverdiyev: Qarşıya qoyduğumuz əsas məqsədlərdən biri quraqlığa və duzluluğa davamlı sortların yaradılmasıdır
![Elmar Allahverdiyev: Qarşıya qoyduğumuz əsas məqsədlərdən biri quraqlığa və duzluluğa davamlı sortların yaradılmasıdır](/files/2024/1/1200x630/17065390125115551480_1200x630.jpeg)
Bakı, 29 yanvar, AZƏRTAC
Qlobal iqlim dəyişikliyi hər bir ölkədə özünü göstərir. Dünyanın digər elmi tədqiqat mərkəzləri kimi, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu da müasir səviyyədə tədqiqat aparan elm mərkəzi olaraq, bütün işlərini bu istiqamətdə qurur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev söyləyib.
O, iqlim dəyişikliyinin bitkiçiliyə, xüsusilə də tərəvəzçiliyə ciddi təsir göstərdiyini bildirərək deyib: “Son dövrlərdə baş verən iqlim dəyişikliyi, o cümlədən anomal istilər və quraqlıq bu istiqamətdə tədqiqat işlərinin aparılmasını vacib edir. Tədqiqat zamanı seleksiyaçılarımızın qarşısına qoyduğumuz əsas məqsədlərdən biri də quraqlığa, duzluluğa davamlı sortların yaradılmasıdır və belə tədqiqat işləri bütün tərəvəz bitkiləri üzərində aparılır. Buna misal kimi, duzluluğa və quraqlığa davamlı qarpız əldə edilməsi üçün aparılan tədqiqatı göstərə bilərik”.
E.Allahverdiyev qeyd edib ki, tərəvəz lobyası üzərində də tədqiqat aparılıb. “Bu tədqiqatların nəticələri müsbət olduğuna görə digər tərəvəz bitkilər də sınaqdan keçirilir”, - deyə o əlavə edib.