ELM VƏ TƏHSİL
Elmi məqalələr tədqiqatlara əsaslanmalıdır
Bakı, 22 oktyabr, AZƏRTAC
Elmi tədqiqatyönümlü universitetə çevrilməkdə iddialı olan ali təhsil müəssisələrinin əsas məhsulu onların elmi nəşrləri və məqalələrinin keyfiyyətidir. Elmi məqalələr tədqiqatlara əsaslanmalıdır.
Bu fikir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetin elmi fəaliyyətində elmi nəşrlərin rolu: təhlil və qiymətləndirmə” mövzusunda keçirilən konfransda səsləndirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın moderatoru, professor Zahid Məmmədov təmsil etdiyi ali məktəbin elmi fəaliyyətindən danışıb.
İqtisad Universitetinin nüfuzlu beynəlxalq informasiya agentliyi olan “Thomson Reuters” ilə sıx əməkdaşlığından söz açan professor bu agentliyin dəstəyi ilə elmmetriya mövzusunda dərsliyin tərcüməsinin və mayda keçiriləcək birgə beynəlxalq konfransın əhəmiyyətini qeyd edib.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib. Məruzələrdə elmi nəşrlərin beynəlxalq indekslərdə tanınması üçün tələb olunan şərtlər açıqlanıb. Bildirilib ki, UNEC-in elmi jurnalı EBSCO və digər beynəlxalq nüfuzlu indekslərdə yer alıb. Müəllimlərin xaricdə və beynəlxalq jurnallarda məqalələr nəşr etdirmələrinə dəstək məqsədilə universitetdə mərkəz yaradılacaq. Plagiatın qarşısının alınması və aşkarlanması üçün tədbirlər planı hazırlanıb. UNEC Polşanın beynəlxalq “Plagiat.pl” şirkəti ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.
Tədbirdə universitetin və ölkənin reytinqinin təyin edilməsində elmmetrik göstəricilərdən istifadə qaydaları izah olunub.