MƏDƏNİYYƏT
ƏLYAZMALAR İNSTİTUTUNDA TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov mərasimi açaraq institutun yaradılması, burada qorunan əlyazmalar, kollektivin bugünkü fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Eynulla Mədətli doktor Məhəmməd Hüseyn Təsvihinin 30 illik əməyinin məhsulu olan kataloqu Əlyazmalar İnstitutunun direktoruna təqdim edərkən bildirmişdir ki, bir neçə ay bundan əvvəl o, öz təşəbbüsü ilə Pakistanın milli kitabxanasında və ölkənin digər kitabxanalarında respublikamızın tarix və mədəniyyətinə dair qiymətli əlyazmaların olması barədə AMEA-nın prezidenti, akademik Mahmud Kərimova məlumat vermiş, onlardan 500-nün daxil edildiyi kataloqu akademiyaya yollamışdır.
Həmin mənbələrdən 22–sinin alimlərimiz tərəfindən böyük maraqla qarşılandığı səfirə çatdırılmışdır.
Səfir həmin əlyazmaların mikrofilmlərini və kompüter disklərinə yazılmış surətlərini instituta təqdim etmişdir. Ümumilikdə 3500 səhifədən ibarət bu əlyazmaların içərisində Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə”, Nəsrəddin Tusinin, Şəms Təbrizinin bir sıra qiymətli əsərləri də vardır.
Qiymətli hədiyyələr üçün səfirə minnətdarlığını bildirən Məmməd Adilov ölkəmizin Əlyazmalar İnstitutunda saxlanılan ərəb və fars dilli məxəzlərin kataloqunu qonağa təqdim etmişdir.