ELM VƏ TƏHSİL
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dahi Azərbaycan alimi Nəsirəddin Tusinin 800 ilik yubileyi ilə əlaqədar onun 6 əsərini nəşrə hazırlamışdır. Həmin əsərlərdən daha üçü çardan çıxmışdır.
Tusinin etika və ədəb-ərkan qaydalarına həsr olunmuş “Adabül- mütəəllimin” (“Tələbəlik mədəniyyəti”) əsəri orta əsrlər Azərbaycanında, eləcə də bütövlükdə müsəlman Şərqində məktəb və mədrəsələrin, təlim-təhsilin tarixi ilə maraqlanan mütəxəssislər üçün gözəl töhfədir. Kitabı ərəb dilindən institutun şöbə müdiri,filologiya elimləri namizədi Kamandar Şərifli tərcümə etmişdir.
Nəsirəddin Tusinin “ Təzkirə” risaləsi həm də farsca “ Ağazu - əncam” və ərəbcə “Məbdə və məad” (“Başlanğıc və son”) adları ilə tanınmışdır. Bu əsər müəllifin dini- fəlsəfi görüşlərini və islam dininin fəlsəfəsini öyrənmək üçün qiymətli mənbədir. “Təzkirə”ni ərəb və fars dillərindən Əmirşah Əmirəhmədov tərcümə etmişdir.
Hər iki əsərin redaktoru filologiya elmləri namizədi Məmməd Adilovdur.
1236-cı ildə qələmə alınan “Övsatül-əşraf” (“Şərafət sahiblərinin vəsfi”) əsəri ilahiyyatçılar, orta əsr fəlsəfəsi ilə məşğul olanlar, ümumiyyətlə, hər bir ziyalı üçün dəyərli mənbə hesab edilir. Əsəri farscadan institutun əməkdaşı Rauf Şeyxzamanlı tərcümə etmişdir. Redaktorları filologiya elmləri namizədləri Nəsib Göyüşov və Müqəddəs Payızovdur.
Əlyazmalar İnstitutunda qorunub saxlanılan sanballı qaynaqlar dil və mədəniyyət tariximizi öyrənmək baxımından çox əhəmiyyətlidir. Onlardan biri, yazılı dastan abidəsi olan “Bəxtiyarnamə” çapdan buraxılmışdır. Kökü qədim dövrlərə gedib çıxan bu abidə mövzusuna və yazıya köçürüldüyü dövrün canlı danışıq dilini özündə əks etdirdiyinə görə çox qiymətlidir.
Kitabı inistitun əməkdaşı, filologiya elmləri namizədi Əli Məmmədbağır oğlu nəşrə hazırlamışdır. Redaktoru filologiya elimləri namizədi Paşa Kərimovdur.