CƏMİYYƏT
Əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi işləri davam edəcək
Bakı, 5 mart, AZƏRTAC
Hazırda iş yerlərində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına e-sistem üzərindən daimi və operativ nəzarət təmin edilir. Bu nəzarət işçilərin əmək hüquqlarının təminatına yönəlməklə, həm də qanunvericiliyin tələblərinin icrası prosesində işəgötürənlərə dəstək məqsədi daşıyır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək siyasəti və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət sahəsinə həsr olunmuş onlayn iclasda bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ölkəmizdə genişmiqyaslı sosial islahatlar aparılır. Xüsusilə son illərdə sosial ödənişlərdə inqilabi addımlar atılıb. Bunu əməkhaqqı sistemində aydın görmək olar: son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırılıb, orta aylıq əməkhaqqı 37 faiz, median əməkhaqqı 74 faiz, əməkhaqqı fondu 2 dəfə artıb.
S.Babayev bildirib ki, yaxın vaxtlarda işə salınacaq “Əmək münasibətləri və məşğulluq altsistemi” də işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq və əmək münasibətlərinin daha rahat, çevik şəkildə tənzimlənməsində onlara fəal dəstək olacaq.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişiklik də əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiqini nəzərdə tutur və bu da onlara güzəştli yanaşmanı ehtiva edir.
Həmin dəyişiklik o deməkdir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol vermiş işəgötürən əgər müəyyən edilmiş müddətdə həmin halı aradan qaldıranda bəzi cərimələri ödəməkdən azad edilir. Bununla işəgötürən həm də əmək qanunvericiliyində nəzərdə tutulan tələbləri pozduğu halda onun bu pozuntunu qısa müddətdə aradan qaldırmasını stimullaşdırır.
Əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın mütəmadi təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək. Əmək məcəlləsinə də bir çox dəyişikliklərin layihələri hazırlanıb.
Həmin layihələrin hazırlanması zamanı sosial tərəfdaşlar olan işəgötürənlərin də təklifləri öyrənilir və nəzərə alınır. Bu məqsədlə vaxtaşırı olaraq sosial dialoq müstəvisində işəgötürənlərlə görüşlər keçirilir.
Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin mütəmadi aparıldığı da diqqətə çatdırılıb. Əsas məqsəd bu sahədə həm şəffaf, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulan, həm də innovativ, peşəkar yanaşmalara əsaslanan mexanizmin təmin edilməsidir.
İclasda nazirliyin Əmək siyasəti şöbəsinin və nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti ilə əlaqədar məsələlər, 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.