İQTİSADİYYAT
Əmtəə ixracı və idxalı açıqlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin altı ayında əmtəə ixracı 2,3 dəfə artaraq 18,9 milyard dollar təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2,4 dəfə artaraq 17,5 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (17,5 milyard dollar) 10 milyard dolları xam neftin, 7,2 milyard dolları təbii qazın, 0,3 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 6 ayı üzrə qeyri-neft ixracı 32,6 faiz artaraq 1,4 milyard dollar olub.
Hesabat dövrü üzrə əmtəə idxalı 21,6 faiz artaraq 5,9 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2,6 milyard dollar olub, bunun da 938,7 milyon dolları ərzaq məhsullarının payına düşür.
Qeyri-neft sektoru üzrə idxal 20,7 faiz artaraq 4,8 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda metalların (79 faizi), kərə yağının (47,7 faizi), kağız məmulatlarının (43,9 faizi), dənli bitkilərin (40,2 faizi), əczaçılıq məhsullarının (30,5 faizi), mebel məhsullarının (22,3 faizi), ağac məmulatlarının (14,9 faizi), alkoqollu və alkoqolsuz içkilərinin (13.6 faizi), tərəvəz məhsullarının (13,1 faizi), daş və şüşə məmulatlarının (9,8 faizi), ətir və kosmetik vasitələrinin (5,3 faizi), sabun və yuyucu vasitələrinin (4,4 faizi) və minik avtomobillərinin (0,6 faizi) idxalı artıb. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (30,7 faizi), qazanlar, avadanlıq və mexaniki qurğuların (22,8 faizi), tütün məhsullarının (20,1 faizi) və şəkərin (9,6 faizi) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4,3 faiz təşkil edərək 254 milyon dollar olub.