İQTİSADİYYAT
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə edilib
Bakı, 11 mart, AZƏRTAC
Martın 10-da Misirin paytaxtı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası Baş katibliyinin qərargahında bu təşkilata üzv ölkələrin Koordinasiya Şurasının iclası keçirilib.
AZƏRTAC Ərəb Dövlətləri Liqası Baş katibliyinin məlumatına istinadla xəbər verir ki, təşkilata üzv dövlətlərinin daimi nümayəndələri səviyyəsində keçirilən iclasda bu il aprelin 30-da Qətər Dövlətinin paytaxtı Dohada keçirilməsi planlaşdırılan Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü sessiyasının keçirilməsinə hazırlıq tədbirləri müzakirə olunub.
İclasa Qətər Dövlətinin Misir Ərəb Respublikasındakı səfiri və Ərəb Dövlətləri Liqasındakı daimi nümayəndəsi Tariq Əli Fərəc Əl Ənsari sədrlik edib.
Tədbirdə Ərəb Liqasına üzv ölkələrin daimi nümayəndələrinə Forumun üçüncü sessiyasına hazırlıqla bağlı məlumat verilib və həmin tədbirin yekunlarına dair qəbul edilməsi planlaşdırılan Doha Bəyannaməsi nəzərdən keçirilib.
Ərəb Dövlətləri Liqası Baş katibinin beynəlxalq siyasi məsələlər üzrə köməkçisi, səfir Xalid Mənzəlavi bildirib ki, xarici işlər nazirləri arasında imzalanmış əməkdaşlıq Memorandumu əsasında 2014-cü ildə fəaliyyətə başlayan Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu tərəflər arasında əlaqələrin dərinləşdirilməsini hədəfləyir. “Həmin sənəd Mərkəzi Asiya ölkələri və Azərbaycan ilə ərəb ölkələri arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur və biz qarşıdakı iclasda bu istiqamətdə əvvəlki iki sessiyanın qərarları ilə bağlı əldə edilən irəliləyişlərə nəzər salacağıq”, -deyə Mənzəlavi bildirib.
İclas zamanı nümayəndələr Qətər Dövləti və Ərəb Dövlətləri Liqası Baş katibliyinin Forumun işini müvəffəqiyyətlə başa vurmaq üçün göstərdikləri səyləri yüksək qiymətləndirib, Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə əməkdaşlığın gələcəkdə də tərəflərin arzu və ambisiyalarına cavab verən şəkildə daha geniş üfüqlərə çatacağına ümidvar olduqlarını bildiriblər.
Xatırladaq ki, Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun ilk iclası 2014-cü il mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, ikincisi isə 2016-cı il oktyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə keçirilib.