SİYASƏT
ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİNƏ LAYİQLİ CAVAB VERİLMİŞDİR
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 25-də Kiyevdə keçirilmiş 6-cı iclasında Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanı regional əməkdaşlığı inkişaf etdirmək istəməməkdə təqsirləndirmiş Ermənistan nümayəndələrinə layiqli cavab vermişdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsi rəisinin müavini Fikrət Paşayev Xarici İşlər Nazirliyində keçirilmiş mətbuat konfransında bildirmişdir ki, Mahmud Məmmədquliyevin iclas iştirakçılarına erməni separatçılarının təcavüzkar iddiaları və Azərbaycan ərazisinin 20 faizini işğal etdikləri barədə məlumat verərək demişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çəkilməyincə və qaçqın-köçkünlər öz doğma ocaqlarına qayıtmayınca Ermənistanla əməkdaşlıqdan əsla söhbət gedə bilməz.
Hazırda 11 ölkənin üzv olduğu QİƏT-in yaradılmasının 10 ili tamam olur. İyunun 25-də İstanbulda QİƏT ölkələri dövlət başçılarının yubiley zirvə görüşü keçiriləcəkdir. Bu məqsədlə təşkilatın Katibliyi prezidentlərin tərcümeyi-halına dair məlumatdan, hər bir ölkə haqqında informasiyadan ibarət xüsusi məcmuə buraxmağa hazırlaşır. Fikrət Paşayev bildirmişdir ki, Ermənistan prezidenti Robert Koçaryanın haqqında məlumatda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti onun Azərbaycana mənsub olduğu göstərilmədən qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan tərəfi etiraz etmiş və ümidvar olduğunu bildirmişdir ki, bu cür xətalar qarşıdakı zirvə görüşünədək aradan qaldırılacaqdır.
Hazırlanmış yubiley tədbirləri planına uyğun olaraq, hər ölkə tədbirlərdən birini öz ərazisində təşkil etmişdir. Məsələn, aprelin 29-30-da Bakıda Qara dəniz hövzəsi ölkələri paytaxtları assosiasiyasının 3-cü Baş məclisi keçirilmişdir. Onun yekunlarına əsasən qəbul edilmiş bəyannamədə əməkdaşlığı genişləndirməyin, birgə layihələri gerçəkləşdirməyin vacibliyi vurğulanır. QİƏT ölkələrinin təqdim etdikləri layihələrin öyrənilməsi üçün bu təşkilatın nəzdində layihələrin inkişafı fondu yaradılmışdır. Layihələrin qəbul edildiyi barədə Katiblikdən müsbət cavab alınarsa, Qara Dəniz Ticarət və İnkişaf Bankı onların maliyyələşdirilməsi ilə məşğul olacaqdır. Regionun bir neçə ölkəsinin layihədə iştiraka dair arzu və istəyinin olması onun təsdiqlənməsi üçün əsas meyardır.