DÜNYA
Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkiləri ilə bağlı müzakirələrdən imtina ediblər
Tbilisi, 2 mart, AZƏRTAC
Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkiləri ilə bağlı müzakirələrdən imtina ediblər. Onların boykot qərarı parlamentin və hökumətin işini çətinə salıb.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, parlamentin spikeri vəzifəsini müvəqqəti icra edən Akop Arşakyan 65 deputatın Ermənistan prezidenti vəzifəsinə ölkənin yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürdüyünü bildirib. Bundan sonra müxalifətdən olan “Şərəf məndədir” və “Hayastan” fraksiyalarının üzvləri iclas zalını tərk ediblər.
Hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasının rəhbəri Hayk Konjoryan isə Xaçaturyanı ölkə prezidentliyinə yeganə namizəd kimi təqdim edib.
Bundan əvvəl parlament müxalifəti prezidentliyə namizədini irəli sürməmək qərarına gəlmişdi. Lakin sonradan müxalifət qərarından imtina edib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.
Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi