MƏDƏNİYYƏT
Əsrarəngiz gözəlliyə malik Qəbələni heyranlıqla seyr etdim
Qəbələ, 26 avqust (AZƏRTAC, Şahnəzər Bəşirov). “Qəbələnin bu qədər gözəl olduğuna inanmırdım. Qəbələ barədə çox eşitmişdim və buradakı “Tufandağ” Qış-Yay İstirahət Kompleksi, “Beltmann” piano fabriki və tarix-diyarşünaslıq muzeyi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi ən çox görmək istədiyim yerlərdən idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Təhminə Cabbarova bildirib.
O, deyib: “Qəbələ mənə xoş təəssürat bağışladı. Naftalana qayıdanda sinif yoldaşlarıma Qəbələdə gördüklərimdən danışacam, onlara çəkdirdiyim xatirə şəkillərini göstərəcəm. Mən elə bilirdim ki, doğma Naftalandan müasir və gözəl yer yoxdur. Amma gördüm ki, Qəbələnin tam başqa cür əsrarəngiz gözəlliyi var. Qəbələ həm qədim, həm də müasir şəhərdir. İstərdim ki, ailəmizlə birgə yenə bu rayona gəlim. Biz bu gün Qəbələdən Şəkiyə yola düşəcəyik. Mən Qəbələ kimi, Şəkiyə də ilk dəfə səfər edəcəyəm. Ümid edirəm ki, Şəkidən də xoş təəssüratlarla ayrılacağam”.
Təhminə Cabbarova ölkəmizin bölgələrini yaxından tanımaq üçün yaradılan şəraitə görə Naftalan şagirdləri adından Prezident İlham Əliyevə minnətdarlıq edib.