ELM VƏ TƏHSİL
“Əsrin müqaviləsi”nin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti - Şəkidə dəyirmi masa
Bakı, 21 sentyabr, AZƏRTAC
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Əsrin müqaviləsi” adlı dəyirmi masa təşkil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi sənədin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb.
Daha sonra Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun əməkdaşı Reyhan Məmmədova “Azərbaycan neftin tarixi vətənidir”, qoruğun əməkdaşı Sehran Məmmədov isə “Bakı şəhərində neft bumu memarlığı” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə “Azərbaycan neft sənayesinin inkişaf mərhələləri” adlı məruzəsini təqdim edən Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanov neft sənayesinin keçdiyi inkişaf yoluna nəzər salıb. O, XIX-XX əsrlərdə neft sənayesində baş verən yeniliklərdən, Azərbaycanda kapitalizmin inkişafında neft sənayesinin rolundan, sovet hakimiyyətinin ilk illərindən bu sahənin diqqət mərkəzində saxlanılmasından, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə neft sənayesinin inkişafında əldə edilən uğurlardan, eləcə də Azərbaycan neft maşınqayırması sənayesinin inkişafı məsələlərindən bəhs edib.
Məruzəçi, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının Azərbaycanın iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə təsirindən və ölkəmizin siyasi arenada qazandığı uğurlardakı rolundan söz açıb.
Dəyirmi masada “Əsrin müqaviləsi” davamlı iqtisadi inkişafa aparan yol”, “Azərbaycanda neft hesabına görülən xeyriyyə işləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.