İDMAN
“Euronews” birinci Avropa Oyunları haqqında reportajlarını davam etdirir
Bakı, 26 iyun, AZƏRTAC
“Euronews” telekanalı birinci Avropa Oyunları haqqında reportajlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, telekanalın Avropa Oyunları barədə gündəlik hazırladığı reportajlarda müxtəlif ölkələrin idmançılarından alınan müsahibələr də təqdim edilir.
Britaniyalı atlet Lyuk Qrinbank müsahibəsində deyib: “Bu mötəbər yarışda iştirak etməkdən çox məmnunam. Çox istəyərdim medal qazanım”.
Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarından bəhs edilən reportajda qeyd edilir ki, İtaliya atleti Alessio Focani kişilər arasında qılıncoynatma yarışlarının qalibi olub. A.Focani Avropa Oyunlarının çempionu olmağı karyerasının uğuru adlandırıb: “Mən qızıl medal qazanmaq istəyirdim və bütün günü bu haqda düşünürdüm. Fəxri kürsüyə qalxmaq və İtaliyanın himnini dinləmək böyük şərəf idi. Bu, mənim karyeramda böyük irəliləyişdir”.
İtaliyalı atlet Avropa Oyunlarındakı müvəffəqiyyətinin onun üçün Rio-2016 Olimpiya Oyunlarına yol açdığını deyib: “Bu, mənim böyük beynəlxalq yarışlarda ilk qızıl medalımdır. Bunu çox yüksək qiymətləndirirəm”.
Reportajda daha sonra Avropa Oyunlarında qızıl medal qazanan Böyük Britaniya boksçusu Nikola Adamsın fikirlərinə yer verilib. T.Adams özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Mən məşqçimə, dostlarıma və ailəmə, burada mənə yardım edən hər kəsə təşəkkür edirəm”. Britaniyalı boksçu qeyd edib ki, o, Avropa Oyunlarına gərgin hazırlaşmışdı və burada gücünü göstərə bildi.