CƏMİYYƏT
Fariz Babayev: Azərbaycanda böyrək çatışmazlığı olan insanların öz sağlamlığına daha məsuliyyətli yanaşması üçün geniş imkanlar mövcuddur
![Fariz Babayev: Azərbaycanda böyrək çatışmazlığı olan insanların öz sağlamlığına daha məsuliyyətli yanaşması üçün geniş imkanlar mövcuddur](/files/2024/1/1200x630/17104169083061047090_1200x630.jpeg)
Bakı, 14 mart, AZƏRTAC
14 Mart - Ümumdünya Böyrək Günüdür. Bu gün bütün dünyada 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı rəsmi şəkildə qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd insanları böyrək xəstəlikləri haqqında problemlərlə tanış etmək, böyrək problemi olan insanların vaxtında həkimlərə müraciət etməsi üçün məlumatlandırmağa xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Fariz Babayev söyləyib.
F.Babayev bildirib ki, Ümumdünya Böyrək Gününün qeyd olunması bu sahədə informasiya və maarifçilik istiqamətində atılan çox mühüm addımdır: “Ölkəmizdə anadangəlmə irsi böyrək xəstəlikləri, böyrək çatışmazlığı olan insanların öz sağlamlığına daha məsuliyyətli yanaşması üçün şərait yaradılıb, bütün bunlarla bağlı geniş imkanlar mövcuddur. Təsadüfi deyil ki, ölkəmizin səhiyyə sahəsində böyrək xəstəliklərinin profilaktikası problemlərinin həllindən, urologiyanın inkişafından söz düşəndə, ilk növbədə, mərhum akademikimiz Mirməmməd Cavadzadə yada düşür. Səhiyyənin bu sahəsində hemodializ, mürəkkəb böyrək əməliyyatları məhz onun elmi axtarışları sayəsində, misilsiz xidmətlərinin zəhməti nəticəsində həyata keçirilib. Klinikamız 1966-cı ildən fəaliyyətə başlayıb. Yarandığı gündən klinikamızda dünya urologiyasının və nefrologiyasının bütün nailiyyətləri tətbiq olunmağa başlanılıb”.
“Hər il ölkəmizdə bu təqvim günü qeyd olunur və bu təqdirəlayiq bir haldır. Bu tipli tədbirlərin keçirilməsi Azərbaycanın səhiyyə sahəsində, həmçinin yaxşı kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə Fariz Babayev əlavə edib.