İQTİSADİYYAT
Fevralda İcbari Sığorta Bürosuna icbari avtomobil sığortası üzrə 3 milyon manatdan çox vəsait toplanmışdır
Bakı, 6 mart (AZƏRTAC). Bu ilin fevralında İcbari Sığorta Bürosunun (İSB) müvafiq sığorta növünü aparmağa icazəsi olan 8 sığorta şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 39 min 875 icbari sığorta müqaviləsi bağlanmışdır.
İSB-dan AZƏRTAC-a bildirmişlər ki, bunların 12 min 968-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədi ilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edir. Həmin icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 3172,7 min manatdır.
Cari ilin yanvar ayı ilə müqayisədə fevralda bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin sayında 48 faiz, daxil olan sığorta haqlarının məbləğində isə 56 faiz artım olmuşdur.
“Paşa Sığorta” ASC, “Atəşgah” sığorta şirkəti ASC, “Standard Insurance” sığorta şirkəti, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “AXA MBASK” sığorta şirkəti ASC, “AzSığorta” ASC, “Alfa Sığorta” ASC büroya üzv şirkətlərdir.