CƏMİYYƏT
FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 6 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birlikdə mayın 6-da Nəsimi rayonundakı İlyas Əfəndiyev adına Elitar gimnaziyada maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli” adlı videoçarxlar nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Ərazinin daim təmiz vəziyyətdə saxlanılması, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı təxliyə planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkan qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatının (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) işlək olmasının vacibliyi vurğulanıb.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub. Habelə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanılıb.