FHN-in Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın rəisi, general-mayor Baba Salayev çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 70-dən çox ölkədə 50 milyona yaxın soydaşımız tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb.
Akademiyanın rəisi ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən söhbət açaraq, bu günün qeyd olunması ilə bağlı tarixi qərarın 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyini bildirib. B.Salayev vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsinə dair fövqəladə hallar nazirinin və Akademiya rəisinin əmrləri barədə məlumat verilib.
Tədbir Akademiyanın xalq çalğı alətləri ansamblının və incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Nazirliyin regional mərkəzlərində də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilib.