İDMAN
FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində (İSM) nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
İSM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları- Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xilasedicisi gizir Fərqanə Saxrayeva və mərkəzin əməkdaşı baş-leytenant Qadir Cəfərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, oktyabrın 22-dən 27-dək Şimali Kiprin Girne şəhərində 11 ölkədən 250-dən çox idmançının iştirak etdiyi Döyüş Növləri Festivalı və kata üzrə budo dünya çempionatında F.Saxrayeva (55 kq-dan yuxarı) və Q.Cəfərov (75 kq) çempion adını qazanıblar. Həmçinin, F.Saxrayeva noyabrın 8-10-da İtaliyanın Milan şəhərində keçirilən və 40 ölkədən 400-dən çox idmançının iştirak etdiyi WFC döyüş növləri üzrə dünya çempionatında gümüş medala layiq görülüb.