İDMAN
FİFA Azərbaycanda futbol üzrə dünya çempionatının təşkilini və keçirilməsini yüksək qiymətləndirmişdir
Bakı, 6 oktyabr (AZƏRTAC). FİFA Azərbaycanda 17 yaşa qədər qızlar arasında futbol üzrə dünya çempionatının (FİFA U-17) təşkilini və keçirilməsini yüksək qiymətləndirmişdir.
AZƏRTAC xəbər verir ki, FİFA-nın vitse-prezidenti və icraiyyə komitəsinin üzvü, Bakıda səfərdə olan İssa Hayato AFFA-nın saytına müsahibəsində burada təşkilatı standartlar baxımından hər şeyin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Onun sözlərinə görə, yerli Təşkilat Komitəsinin üzvləri hərtərəfli fəallıq göstərmişlər. Xidmətlərin çeşidi və onların təşkil edilməsi çox yüksək qiymətə layiqdir.
İ.Hayato vurğulamışdır ki, Azərbaycanın idman infrastrukturu, otellər və təşkilati işin səviyyəsi bu ölkənin başqa beynəlxalq tədbirlər keçirilməsi üçün də böyük potensiala malik olmasına dəlalət edir.