REGİONLAR
“Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” - nəzəri konfrans
![](/files/galleryphoto/2024/2/1200x630/17159490092612934510_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17159425215620624197_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17159425215724947348_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17159425213442330122_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17159425212146861745_1200x630.jpg)
Sumqayıt, 17 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Sumqayıta şəhər statusunun verilməsinin 75 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.
Mərkəzin Akt zalında təşkil edilən konfransda Dövlət Himni səsləndirilib. Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov çıxışında qeyd edib ki, xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Prezidentin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaradılıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Qeyd olunub ki, Sumqayıtın bugünkü inkişafı Heydər Əliyevin arzularının gerçəkləşdiyini, ideyalarının reallığa çevrildiyini göstərir.
Konfransda digər çıxış edənlər Heydər Əliyev siyasətinin ötən 21 ildə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, bu siyasətin ən böyük uğurlarından biri səhiyyənin keçdiyi sürətli inkişaf yoludur. Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır.
Tədbir bədii hissə ilə davam edib. Şəhid övladlarından ibarət xor kollektivinin çıxışı iştirakçılara qürurlu anlar yaşadıb.