CƏMİYYƏT
Azərbaycan türk dövlətlərinin sosial sahə üzrə məsul şəxslərinin birinci toplantısında təmsil olunub
İstanbul, 17 may, Günel Karatepe, AZƏRTAC
İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin sosial sahə üzrə məsul şəxslərinin birinci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə TDT tərəfindən təşkil olunub.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın sədrliyi ilə baş tutan dəyirmi masada TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, eləcə də Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın sosial sahə üzrə qurumlarının rəhbərləri iştirak ediblər.
Mahinur Özdemir Göktaş çıxışında ilk dəfə keçirilən toplantının əhəmiyyətlərindən danışıb.
Türk Dövlətləri Təşkilatının çətiri altında dünyada yeni bir dövrün yaşandığını bildirən xanım Göktaş hər sahə üzrə əməkdaşlığını gücləndirən ölkələrimizin bu dövrə öz möhürünü vuracağını qeyd edib.
Təşkilatın son illərdə atdığı konkret addımlar və verdiyi qərarlar ilə mühüm quruma çevrildiyini bildirən nazir ortaq tarix, dil, din və mədəni əlaqələrə sahib ölkələrimiz arasındakı əlaqələrin qarşılıqlı hörmət, əməkdaşlıq və ümumi maraqlara əsaslanaraq gündən-günə möhkəmləndiyini vurğulayıb.
Toplantının BMT tərəfindən qəbul olunan Beynəlxalq Ailə Gününə təsadüf etdiyini xatırladan nazir buna görə də dəyirmi masanın ilk mövzusunu “Ailə” olaraq müəyyənləşdirdiklərini deyib.
Bildirilib ki, TDT-yə üzv ölkələrin sosial siyasətinə cavabdeh şəxslərin mütəmadi şəkildə bir araya gəlməsi planlaşdırılır. Bu, ölkələrimizin sosial xidmət sahəsində fəaliyyətini təkmilləşdirmək və sosial siyasət istiqamətində beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
Sonra nazir Türkiyənin 2024-2028-ci illər üçün nəzərdə tutulan “Ailənin Qorunması və Gücləndirilməsi üzrə Vizyon Sənədi və Fəaliyyət Planı” haqqında iştirakçılara məlumat verib.
Toplantıda türk dövlətlərinin mövcud əməkdaşlıq sahələrinə sosial siyasət istiqamətinin əlavə edilməsinə dair birgə bəyannamə imzalanıb.