Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb
Bakı, 17 may, AZƏRTAC
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialında yarımfinal mərhələsi başa çatıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, millinin 2 üzvü qələbə qazanaraq finala yüksəlib.
Maqsud Xasmetov (60 kiloqram) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib. İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Ruslan Rüstəmov (63,5 kiloqram) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.
Digər boksçularımızdan Ümid Rüstəmov (57 kiloqram) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kiloqram) Ruslan Abdullayevə (Özbəkistan) və Mirşərif Kazımzadə (75 kiloqram) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, finallar mayın 18-də keçiriləcək.