FİLOSOFLAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMIŞLAR
AZƏRTAC xəbər verir ki, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun direktoru fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov “Ulu öndər Heydər Əliyevin Azərbaycan Respubliaksı və onun müasir dövlətçiliyi tarixindəki əvəzsiz xidmətləri” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan ittifaq respublikaları arasında qabaqcıl yerə çıxmış, müstəqillik dövründə isə dünyanın bütün aparıcı dövlətləri ilə sıx əlaqələr yaratmışdır.
Sonra institut direktorunun müavini, hüquq elmləri doktoru B.Zahidov, politologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Ə.Tağıyev, fəlsəfə elmləri doktoru A.Əsədov, pedaqoji elmlər namizədi H.Həmidov, siyasi elmlər namizədi M.Sərdarov, fəlsəfə elmləri namizədləri A.Bəşirov, Ə.İbrahimov, F.Nəbiyev və başqaları çıxış etmişlər. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqını bir çox bəlalardan qurtarmışdır. Heydər Əliyevin uzaqgörən siyasi strategiyası Azərbaycanı regionda lider dövlətə çevirməklə, həm də dünya dövlətləri arasında öncül sıralara yüksəltmişdir.
Bu il ölkəmizdə prezident seçkiləri keçiriləcəyini diqqətə çatdıran institutun direktoru Y.Rüstəmov filosofların Heydər Əliyevin siyasi xəttini dəstəklədiklərini, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşdiklərini xüsusi vurğulamışdır.