“Financial Times” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib
London, 13 fevral, AZƏRTAC
Böyük Britaniyanın “Financial Times” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib.
Məqalənin müəllifi Bakıda fəaliyyət göstərən İstiqlal Muzeyi haqqında məlumat verir. Qeyd edilir ki, bina 1960-cı ildə, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə tikilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bina İstiqlal Muzeyi olaraq fəaliyyət göstərir. Muzey Azərbaycan tarixi haqqında dolğun təsəvvür yaradır. Buradakı eksponatlar ölkənin əsrlər boyu xarici təcavüzlərə məruz qaldığından, zəngin təbii sərvətləri ilə dünyanın diqqətini özünə cəlb etdiyindən soraq verir.
Müəllif yazır ki, muzeyi ziyarət edənlər Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ da daxil olmaqla bu ölkənin ərazisinin bir hissəsini işğal edən ermənilərin 1918-ci ildə, eləcə də ötən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlılara qarşı vəhşiliklər törətməsi barədə məlumat alırlar.
Qeyd edilir ki, muzeyin digər bir bölməsində 1918-1920-ci illərdə mövcud olmuş, müsəlman Şərqinin ilk demokratik, parlamentli və dünyəvi respublikası - Azərbaycan Xalq Cümhuriyyəti barədə də məlumat verilir.
Diqqətə çatdırılır ki, muzeyi ziyarət edənlər, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, onun ölkənin müstəqillik tarixindəki əvəzsiz xidmətləri barədə də məlumatlandırılırlar. Müstəqilliyinin ilk illərində Azərbaycanın xaosla üzləşdiyi, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı gününün Milli Qurtuluş Günü kimi qeyd edildiyi diqqətə çatdırılır.
Müəllif Heydər Əliyevin xalqın ümummilli lideri adlandırılmasının heç də təsadüfi olmadığını, onun Ermənistanla dağıdıcı müharibəyə son verdiyini, ölkənin enerji strategiyasının əsasını qoyduğunu bildirir.
Yazıda qeyd edilir ki, muzeyin digər bölmələrində Azərbaycanın müstəqillik tarixində və iqtisadi həyatında mühüm hadisə olan “Əsrin müqaviləsi”, Azərbaycan neftini Avropaya çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəməri və s. barədə də məlumat əldə etmək mümkündür.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London