CƏMİYYƏT
“FINCA Azerbaijan” Ramazan bayramı ilə əlaqədar regionlarda bayram şənliyi təşkil edib
Bakı, 31 iyul (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı Ramazan bayramı münasibətilə regionlarda fəaliyyət göstərən dövlət uşaq müəssisələrində bayram şənliyi təşkil edib.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, korporativ sosial məsuliyyət proqramı çərçivəsində qurum Bakıxanov, Lökbatan, Xırdalan, Binəqədi, Mingəçevir, Ağcabədi, İsmayıllı və Şəki filialları vasitəsilə uşaqlar üçün müqəddəs Ramazan bayramına həsr olunmuş müxtəlif tədbirlər keçirib.
Mərdəkan filialının kollektivi əqli əlilliyi olan uşaqlar üçün internat məktəbində bayram süfrəsi açıb, Ağcabədi filialı isə Gənclər Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların müxtəlif attraksionlar və əyləncə vasitələrindən istifadəsinə şərait yaradıb.
Eyni zamanda, “FINCA Azerbaijan” Mingəçevir filialı vasitəsilə Gözdən Əlillər Cəmiyyətinin əlillər üçün hazırladığı danışan kitabların diskə köçürülərək istifadə olunmasına da dəstək göstərib.