ELM VƏ TƏHSİL
Frankofoniya Universitetlər Agentliyinin təmsilçisi ADU-da
Bakı, 11 noyabr, AZƏRTAC
Frankofoniya Universitetlər Agentliyinin Şərqi və Mərkəzi Avropa bürosu üzrə direktoru Fabien Flori Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-dan AZƏRTAC–a bildiriblər ki, görüşdə bu ali məktəbin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov qonağa universitet haqqında məlumat verib.
Prorektor fransız dilinə Azərbaycanda həmişə böyük maraq göstərildiyini, ADU-da fransız dili müəllimliyi, fransız dili, tərcümə, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisasının olduğunu diqqətə çatdırıb.
Sonra qonaq universitetin filologiya və jurnalistika, pedaqoji (ingilis dili-fransız dili) və tərcümə fakültələrinin dekanları ilə görüşüb, Jorj Sand adına Fransa Məlumat Mərkəzində olub, üçüncü kurs tələbələrinin dərsində iştirak edib.
Qeyd edək ki, ADU bu ilin mayından Frankofoniya Universitetlər Agentliyinin üzvüdür. ADU-da bu qurumun filialının açılması gözlənilir.