Prezident mükafatçısı: Göstərilən etimad məni daha məsuliyyətli və məqsədyönlü çalışmağa sövq edir
Bakı, 6 fevral, AZƏRTAC
Göstərilən etimadı doğrultmaq üçün daha böyük əzmlə çalışacağam. Prezident mükafatı mənim üçün indiyədək gördüyüm işlərin düzgün istiqamətdə olduğunu təsdiqləyən mühüm göstəricidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında 2026-cı il Gənclər üçün Prezident mükafatına layiq görülən Gülbağda Leysanova Hacıyeva söyləyib. O deyib: “Prezident mükafatına layiq görülməyim məni cəmiyyətə daha faydalı olmağa, üzərimə düşən məsuliyyəti daha dərindən dərk edərək peşəkarlıqla çalışmağa ruhlandırır. Bu etimad onu göstərir ki, zəhmət, prinsipial mövqe və ictimai faydaya yönəlmiş fəaliyyət dəyərləndirilir. Bu mükafat gələcəkdə bilik və təcrübəmi cəmiyyətin inkişafına xidmət edən işlərə yönəltmək üçün məni daha məsuliyyətli və məqsədyönlü olmağa sövq edir”.
Müsahibimiz əlavə edib ki, gənclərin təşəbbüskarlığı və məsuliyyət hissi onları daha yaradıcı və fəal olmağa istiqamətləndirir. Müxtəlif platformalarda və ictimai fəaliyyət sahələrində fəaliyyət göstərən gənclər Azərbaycanın maraqlarını peşəkarlıqla təmsil edirlər. Bu isə gənclərin təkcə bugünkü deyil, gələcək inkişaf proseslərində də mühüm rol oynadığını göstərir.
“Gənclərə göstərilən etimad və yaradılan imkanlar onların cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilməsinə şərait yaradır və bu prosesdə gənclər ölkənin davamlı inkişafına töhfələr verirlər. Həmyaşıdlarıma tövsiyəm odur ki, onlar öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirsinlər, dəyişən dünyaya açıq olsunlar və təşəbbüslərindən çəkinməsinlər. Fəal və məsuliyyətli mövqe tutmaq, milli dəyərlərə sadiq qalmaqla yanaşı, qlobal düşüncə tərzini formalaşdırmaq gənclərin həm şəxsi inkişafı, həm də cəmiyyət üçün faydalı olmaları baxımından vacibdir. İnandığı dəyərlər uğrunda səbirlə və ardıcıl çalışan gənclər uzunmüddətli perspektivdə həm öz məqsədlərinə çatır, həm də ölkənin inkişafına töhfə verirlər”, - deyə G.L.Hacıyeva bildirib
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.
Həmin gənclərdən biri olan Gülbağda Leysanova Hacıyeva Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirib. Əmək fəaliyyətinə 2019-cu ildə “Regional İnkişaf” İctimai Birliyində başlayıb. Hazırda İctimai Birliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinə rəhbərlik edir.