SİYASƏT
FRANSA MƏTBUATI ROMA PAPASININ AZƏRBAYCANA RƏSMİ SƏFƏRİNƏ XÜSUSİ DİQQƏT YETİRMİŞDİR
Roma papası II İoann Pavelin Azərbaycana rəsmi səfəri Fransanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Mayin 22-də Fransanın bütün televiziya kanalları Roma papasının Bakının Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mehribanlıqla və hərarətlə qarşılanması, II İoann Pavelin Prezident sarayında ölkəmizin din, elm və incəsənət xadimləri ilə görüşü barədə tamaşaçılara məlumat vermişdir.
Fransanın nüfuzlu “Fiqaro”, “Mond”, “Krua”, “Iiberasyon” və digər mətbu orqanlarının 22 və 23 may tarixli nömrələrində Papanın Azərbaycana səfəri ilə bağlı materiallar dərc edilmişdir. Qəzetlər II İoann Pavelin “Mən Azərbaycana sülh elçisi kimi gəmişəm. Son nəfəsimə qədər bütün dünyanı sülhə səsləyəcəyəm”, “Azərbaycana səfərimin məqsədi Qərblə Şərqi bir-birinə yaxınlaşdırmaqdan ibarətdir” sözlərini ətraflı şərhlə ön plana çəkmişlər.
Qəzetlərdə ölkəmizdə milli azlıqlara geniş imtiyazlar verildiyi xüsusi qeyd olunmuşdur.
“Mond” qəzetində dərc olunmuş məqalədə Roma papasının Azərbaycan prezidenti cənab Heydər Əliyev və xalqımız tərəfindən yüksək hərarətlə qarşılanması xüsusi vurğulanmış, Ermənistan-Azərbaycan münaqişəsində 1994-cü ildən bəri atəşkəsin əldə edilməsində Prezidentimizin xidmətləri yüksək qiymətləndirilmiş, II İoann Pavelin Bakıya rəsmi səfərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına müəyyən təsir göstərəcəyi qeyd edilmişdir.
“Krua” qəzetinin II İohann Pavelin respublikamıza səfəri ilə bağlı dərc etdiyi “Papa müsəlman torpağı Azərbaycanda” sərlövhəli məqalədə ölkəmizin coğrafi quruluşu, əhalisinin sayı, sərhədləri barədə məlumatdan sonra 1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı torpaqlarımızın iyirmi faizinin işğal olunması, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi, Dağlıq Qarabağ məsələsinin bu günə qədər həll olunmaması barədə öz oxucularına ətraflı məlumat vermişdir.
“Fiqaro” qəzetinin “Papa Şərqin qapılarında barışığı nəsihət edir” məqaləsində II İoann Pavelin sözlərinə istinad edilərək deyilir: “Şərq ilə Qərbin qapısı olan Azərbaycanın üzləşdiyi münaqişəyə son quyulmalı, həqiqi sülh yaradılmalıdır”.
Roma papasının ölşkəmizə səfərini işıqlandırmış fransız mətbuatı Azərbaycanın və Ermənistanın iqtisadi vəziyyətinə də toxunmuş, demokratik yolla inamla irəliləyən respublikamızın iqtisadi qüdrətinin gündən-günə yüksəldiyini, qonşu dövlətin isə iqtisadi çətinliklər keçirdiyini açıqlamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris