DÜNYA
Fransada üç günlük matəm elan olunub
![Fransada üç günlük matəm elan olunub](/files/2014/2/1200x630/14087125134098538848_1200x630.jpg)
Bakı, 27 iyul (AZƏRTAC). Air Algerie aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsədi Fransaya gətiriləcək. Bu barədə Fransa Prezidenti Fransua Olland məlumat verib. O, Xarici İşlər Nazirliyində iki saatdan çox sürən iclasdan sonra təyyarə qəzasında həlak olan 54 Fransa vətəndaşının ailə üzvləri və qohumları ilə görüşdə çıxış edib. Qəza ümumilikdə 10-dan çox ölkədən 118 insanın ölümünə səbəb olub.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti təyyarənin tapılmış iki “qara qutusu”nun ən qısa müddətdə öyrəniləcəyini və qəzanın səbəbinin aydınlaşdırılacağını bildirib. Onun dediyinə görə, qəza çətin keçilən yerdə baş verib. Ərazi mühafizə olunur. Bu, hadisə yerinin toxunulmazlığı və cəsədlərin toplanması üçün vacibdir. F.Olland təsdiqləyib ki, bazar ertəsindən başlayaraq ölkədə üç günlük matəm elan olunur.
Əlcəzairin hakimiyyət orqanları qəzanın səbəbi kimi terror aktını istisna edirlər. Bunu ölkənin Baş naziri mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, qəzanın baş verdiyi rayon çətin meteoroloji şəraiti, xüsusən qum fırtınaları ilə məşhurdur. “Əgər təyyarənin içərisində nə isə baş veribsə, istintaq bunu müəyyənləşdirəcək, çünki qara qutular artıq tapılıb” - deyə baş nazir qeyd edib.