İQTİSADİYYAT
Füzulidə inşa edilən Heydər Əliyev Mərkəzinin binasında son tamamlama işləri aparılır
Füzuli, 29 oktyabr (AZƏRTAC). Horadiz şəhərində inşa edilən Heydər Əliyev Mərkəzinin binasında son tamamlama işləri aparılır.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Horadiz şəhərində 2 hektar ərazidə ulu öndərin adını daşıyan park salınmışdır. Burada yaşıllıq zolaqları yaradılmış, 50 minə yaxın dekorativ kol və ağac əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Parkın ərazisində 392 kvadratmetr sahəsi olan Heydər Əliyev mərkəzi inşa edilmişdir. Mərkəzdə konfrans zalı, 2 akt zalı, xidməti otaqlar, kitabxana vardır. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən fotoguşələr yaradılacaq, “Heydər Əliyev və Azərbaycan”, kompyuter kursları təşkil olunacaqdır. Mərkəzin qarşısında ulu öndərin 7,3 metr hündürlükdə abidəsi, onun yaxınlığında 65 metr hündürlükdə Azərbaycanın Dövlət Bayrağı ucaldılmışdır.
Mərkəzin noyabrın sonlarında istifadəyə verilməsi nəzərdə tutulur.