DÜNYA
G7 ölkələrinin liderləri Ukraynadakı son hadisələri müzakirə edəcəklər
Bakı, 10 oktyabr, AZƏRTAC
Yeddilər qrupuna (G7) daxil olan ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Prezident Volodimir Zelenskinin iştirakı ilə Ukraynada baş verən son hadisələri müzakirə edəcəklər.
AZƏRTAC xarici KV-ə istinadla xəbər verir ki, bunu AFR Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
“G7 ölkələri çərşənbə axşamı günü, oktyabrın 11-də saat 14:00-da (Bakı vaxtı ilə 16:00) vəziyyəti videokonfrans formatında müzakirə edəcəklər. Ukrayna dövlətinin başçısı Zelenski videokonfransın başlanğıcında iştirak edəcək”, - AFR hökumətinin nümayəndəsi belə deyib.
Ötən bazar günü kansler Olaf Şolts ABŞ Prezidenti Co Baydenlə telefon söhbəti zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.
Bu gün Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub. Səhər saatlarında Kiyev və digər regionlar, o cümlədən Dnepropetrovsk vilayəti, Odessa və Xarkov şəhərləri rus ordusunun seriyalı raket atəşinə məruz qalıb. Çox sayda insanın həlak olduğu və yaralandığı, səkkiz regiondakı 11 mühüm infrastruktur obyektinin zədələndiyi bildirilir.